Bank

01 Yanvar
3

Krediti qaytarmayanlar 10-15 sutka həbs edilir

Azərbacanda vaxtı keçmiş kreditlərin qaytarılması üçün bankların kollektor agentliklərinə müraciətləri 2 dəfə artıb. Bu barədə fins.az-a vaxtı keçmiş borcların yığılması ilə məşğul olan “BOA” kollektor agentliyinin direktoru Samir Mustafayev deyib.

“Kollektora müracitlər 2 dəfə artıb”

S.Müstafayevin sözlərinə görə, son 1 ildə kollektor agentliyinin borc portfeli təxminən 2 dəfə böyüyərək 25 milyon manata çatıb. Samir Mustafayev deyir ki, hazırda şirkət 4 kredit təşkilatının (“Unibank”, “AGBank” və “Kapitalbank”, eləcə də “Flexi Credit” bank olmayan kredit təşkilatı) və məişət mallarının satışı ilə məşğul olan 20-25 mağazanın problemli kreditlərini qaytarmaqla məşğuldurlar. Borc portfelinin böyüməsi isə əsasən bankların hesabına baş verib: «Onu da deyim ki, banklar özləri də problemli kreditlərin qaytarılması ilə məşğul olurlar. Ən problemli müştərilərlə işləməyi isə bizə tapşırırlar. Qəbul etdiyimi borcların isə təxminən 30%-i qaytarılması çətin olan borclardır. Yəni o borcları götürmüş adamlar ortalıqda yoxdur, axtarışa verilmiş şəxslərdir. Belə borclar nadir hallarda qaytarılır».

«Adamların bir-birinə olan borclarını da qaytarırıq»

Qeyd edək ki, kollektor agentliyi təkcə banklardan yox, adi vətəndaşlardan da müraciətləri qəbul edir. Samir Mustafayevin sözlərinə görə, əslində müraciətlər daha çoxdur, sadəcə, bəzi hallarda borcun verilməsi düzgün sənədləşdirilmədiyinə görə, belə müraciətlər qəbul edilmir: “Bizə vətəndaşlar tərəfindən xeyli sayda müraciətlər olur. Yəni, kimlərsə başqasına verdiyi borcu ala bilmir. Amma biz görəndə ki, həmin borclar şifahi qaydada verilib, notarial qaydada təsdiqlənməyib, həmin borcları öhdəmizə götürmürük”.

Əsas problem girovsuz kreditlərdədir

Azərbaycan banklarının kollektor agentliyi vasitəsilə geri qaytarmaq istədiyi problemli kredilərin 80%-i istehlak kreditləridir. Kollektor agentliyində bildirilir ki, söhbət əsasən 5 min manata qədər olan təminatsız borclardan gedir. Girovlu kreditlərdə ki, problem qat-qat azdır. Borc sahibləri başa düşürlər ki, kreditin qaytarılmaması əmlaklarının itirilməsinə səbəb olacaq, ona görə də, bu sahədə problem az olur.

«10-15 sutkalıq həbsdən sonra borcu ödəyirlər»

Agentlik rəhbəri qeyd edib ki, kreditləri qaytarmayan müştərilərə qarşı tədbirlər danışıqlardan başlayır. Faydası olmayanda isə məhkəməyə müraciət olunur. Belə müştərilərə qarşı görülən ən sərt tədbirlər onların xaricə getməsinə qadağa qoyulması və qısa müddətdə həbs edilməsidir. S.Mustafayevin sözünə görə, «Borcunu qaytarmaq istəməyənlərin hamısının ölkədən çıxışına qadağa qoyulmasına çalışırıq və məhkəməy yolu ilə buna nail oluruq». Bəzi borclular isə məsələnin ciddiliyinə yalnız həbs edildikdən sonra anlayırlar: «Bəzən isə borclular 10-15 sutka həbs cəzasına məhkum edilir və sonra onlara müəyyən müddət verilir ki, borcu qaytarsınlar. Əgər yenə qaytarmasalar yenidən qısamüddətli həbs cəzası alırlar və son nəticədə borcu ödətdiririk».