BANK

02 May
10

“Kredit hesabına yaxşı yaşamaq istəyirlər”

Azərbaycanda ilin əvvəlindən indiyədək görülən tədbirlər nəticəsində istehlak kreditlərinin artımı iki dəfə azalıb. Fins.az-ın "Marja"ya istinadən məlumatına görə, bu barədə “Caspian European Club”un təşkilatçılığı ilə keçirilmiş biznes forumda Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, ötən ilin ilk 9 ayında istehlak kreditləri 30% artmışdı, bu ilin eyni dövründə isə artım sürəti 15%-ə düşüb.

İstehlak kreditlərinin həm müsbət, həm də mənfi cəhətləri var

Elman Rüstəmov qeyd edib ki, Mərkəzi Bankda istehlak kreditlərinə münasibəti ikilidir: “İlk növbədə nəzərə almaq lazımdır ki, istehlak kreditlərinə tələbatın artması ölkənin iqtisadi vəziyyəti ilə bağlıdır. Əgər biz daha varlı ölkələrə baxsaq, orada milli məhsulları ilə müqayisdə istehlak kreditlərinin daha yüksək səviyyəsini görə bilərik. Təbii ki, insanlar nə qədər çox varlanırsa, onlar bir növ istehlaklarını qabaqlayaraq kredit hesabına daha da yaxşı yaşamağa çalışırlar və bunun üçün onların müəyyən iqtisadi bazaları var".

E.Rüstəmov bildirib ki, istehlak kreditlərinin digər müsbət tərəfi əhalinin ölkənin maliyyə sistemi ilə təmaslaşmasıdır: "Ümumiyyətlə, inkişaf etmiş hər bir ölkədə yetkinlik yaşına çatmış hər bir vətəndaşın bir və ya bir neçə bank hesabı olmalıdır. Bu inkişafın əsas göstəricilərindən biridir. Biz bu prosesləri mübət qiymətləndiririk".

AMB sədrinin sözlərinə görə, istehlak kreditləşməsində olan müsbət tərəflər ipoteka, təhsil və səhiyyə kreditlərinin verilməsidir: “Biz araşdıranda görürük ki, istehlak kreditlərinin strukturunda başlıca yeri ipoteka kreditləri tutur. İstehlak kreditlərinin lokomotivi ipoteka kreditləridir və bu olduqca mühüm bir məsələdir. İstehlak kreditlərinin strukturunda çox mütərəqqi kreditlər yaranıbdır. İnsanlar ev sahibi olmaq, təhsil almaq, müalicə olunmaq, ailə qurmaq üçün kredit götürürlər. Biz istehlak kreditlərinin strukturunun zənginləşdiyini görürük. Bu, bütövlükdə insanların və ailələrin inkişafında mühüm rol oynayır”.

Bununla yanaşı, AMB sədri istehlak kreditlərinin təhlükəli cəhətini də qeyd edib: "Lakin əhalinin düşünmədən, ailə büdcəsini bilmədən həm kreditlərin sayını, həm də borc yükünü artırması, digər tərəfdən bankların isə özlərinin risk profillərini tam müəyyən etmədən bunu həyata keçirməsi çox ciddi fəsadlara gətirib çıxarda bilər”.