BANK

01 Yanvar
5

“Bank of Baku” kredit faizlərindən yüksək qazanc götürür

Fins.az "Marja"ya istinadən xəbər verir ki, “Bank of Baku” ASC 2014-cü ilin ilk rübünü 12 milyon 988 min manat xalis mənfəət ilə başa vurub.

Bankın maliyyə hesabatlarına əsasən, ötən ilin ilk rübü ilə müqayisədə Bankın xalis mənfəəti 1 milyon 974 min manat və ya 17,9% artıb.

Birinci rübdə “Bank of Baku”nun cəmi gəlirləri 9 milyon 578 min manat və ya 27,6% artaraq 44 milyon 256 min manata çatıb. Bankın faiz gəlirləri 33 milyon 408 min manat, qeyri-faiz gəlirləri isə 10 milyon 848 min manat təşkil edib.

Ötən ilin son rübü ilə müqayisədə Bankın cəmi gəlirləri cüzi artmasına baxmayaraq, xailis mənfəəti isə 40,6% artıb. Bunun əsas səbəbi “Əmək haqqı və digər kompensasiya növləri” üzrə xərclərin 2,3 dəfə azalması olmuşdur.

KREDİT FAİZLƏRİNİN 60%-İ QAZANCDIR

Bankın faiz gəlirlərinin və xərclərinin nisbəti göstərir ki, “Bank of Baku” kredit faizlərindən yüksək qazanc götürür. Bank 33 milyon 408 min manat faiz gəliri əldə etmək üçün 12 milyon 982 min manat xərc çəkib, nəticədə də 20 milyon 426 min manat xalis faiz gəliri əldə edib. Yəni, Bank verdiyi kreditlərin faizlərindən daxil olan gəlirin 61%-ni xalis gəlir şəkilində götürür.

“Bank of Baku” əmək haqqı və digər əməliyyat xərclərinin böyük bir hissəsini qeyri-faiz gəlirləri hesabına təmin edir.

Aprelin 1-nə “Bank of Baku”nun aktivlərinin həcmi 663 milyon 825 min manatı ötmüşdür ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 23,6% çoxdur. Bankın kredit portfeli isə, ötən ilin ilk rübü ilə müqayisədə 101 milyon manatdan çox və ya 22,2% artaraq 556 milyon 600 min manata çatmışdır. Müqayisə olunan dövrdə Bankda müştərilərin depozitləri 22,6% artaraq 382 milyon 497 min manata çatmışdır. Hazırda “Bank of Baku”nun cəmi kapitalı 143 milyon 898 min manatdan çoxdur.

KREDİT PORTFELİ AZALIB

Ötən ilin ilk rübü ilə müqayisədə “Bank of Baku”nun kredit portfelinin artmış görünməsi, 2013-cü il ərzində verilmiş kreditlərin artması ilə bağlı olmuşdur. 2014-cü ilin ilk rübündə Bankın kredit portfeli cüzi azalmışdır ki, bu da Mərkəzi Bankın kreditlərin verilməsinin sərtləşdirilməsi ilə bağlı addımı ilə bağlı ola bilər. Belə ki, ilin əvvəlindən “Bank of Baku”nun kredit portfeli 846 min manat azalıb.