BANK

13 May
4

Azərbaycan Mərkəzi Bankı haqqında qanun dəyişdirilir

Azərbaycan Mərkəzi Bankı (AMB) haqqında qanuna dəyişiklik edilə bilər. Məqsəd AMB-nin itirilmiş valyuta ehtiyatlarını bərpası etməkdir. Fins.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata gorə, bu barədə millət vəkili Zahid Oruc məlumat verib. Onun sözlərinə görə, hazırda AMB-nin valyuta ehtiyatları indi dövriyyədə olan pulun 15%-lik kvotası əsasında formalaşır. Nəzərdə tutulan dəyişiklikdə isə bu tələb ortadan qaldırılacaq: "Yəni, Mərkəzi Bank təkcə Nizamnamə kapitalı və dövriyyədəki pul kütləsi ilə deyil, başqa qiymətli kağızlar hesabına da özünün valyuta ehtiyatlarını formalaşdıra biləcək. Beləliklə, son aylar ərzində sürətlə xərclənən rezervlərin yerini doldurmaq üçün Mərkəzi Bank əlavə imkanlar qazanacaq. Bununla da 2015-ci il başlayandan az qala üçdə bir nisbətdə xərclənmiş ehtiyatları bərpa etmək üçün çevik mexanizmlər yaradılır. Aprel ayının hesabatı göstərdi ki, Mərkəzi Bank ölkədə maliyyə bazarını sabitləşdirmək üçün kifayət qədər pul xərcləyir. Lakin dollar aclığını ödəmək mümkün olmayıb və ehtiyatların xərclənməsi də bununla bağlıdır. Ona görə qanunda dəyişikliklər manatın növbəti devalvasiyasının qarşısını almaq üçündür. Yəni,Mərkəzi Bank öz ehtiyatlarından məhrum olsa, dolların kursunu saxlamaq mümkün olmayacaq”.

Onun sözlərinə görə, vətəndaşlarımızın manata inamını bərpa etmək və iqtisadi-ticarət mühitini fəallaşdırma hələ də problem olaraq qalır: “Ona görə Mərkəzi Bank kursu tənzimləmək üçün güclü olmalıdır və çevik maliyyə alətlərinə malik olmalıdır. Ancaq bütün bunlarla yanaşı, bir çox məhsulların qiymətlərini sabit saxlamaq üçün rüsumlara yenidən baxılmasına ehtiyac var”.

Azərbaycan Mərkəzi Bankı (AMB) haqqında qanuna dəyişiklik Milli Məclisin mayın 15-də keçiriləcək plenar iclasına nəzərdə tutulur.