Bank

21 Avqust
2

Ətraf ölkələrdə dollar bahalaşır – DEVALVASİYA DAİRƏSİ SIXILIR

Son günlər dünya bazarında neftin qiymətinin aşağı düşməsi və bununla bağlı maliyyə bazarlarındakı vəziyyət Azərbaycanın yerləşdiyi regionda mili valyutaların yenidən ucuzlaşmasına səbəb olub. Oxşar hal 2014-cü ilin sonu 2015-ci ilin əvvəlindən yarımışdı. Nəticədə demək olar ki, bütün region ölkələri (o cümlədən fevralın 21-də Azərbaycan) devalvasiyaya gedərək öz milli valyutalarını ucuzlaşdırmışdılar. O vaxtdan bəri neftin qiymətinin bir qədər sabitləşməsi valyutaların ucuzlaşmasını dayandırmışdı. İndi isə neftin 40-47 dollar həddinədək ucuzlaşması yenidən valyutaların uculaşmasına səbəb olub. Doğrudur, Azərbaycanda fevralın 21-də baş verən 34%-lik devalvasiyadan sonra 1 ABŞ dollarının məzənnəsi 1,05 manat ətrafındadır. Hələlik Azərbaycan Mərkəzi Bankı bu məzənnəni saxlamağa nail olur. Amma ətraf ölkələrdə dolların bahalaşmasının yeni dalğası başlayıb.

Qazaxıstan tenqesi sərbəst buraxılır

İqtisadiyyatının quruluşu Azərbaycana daha çox bənzəyən yaxın qonşumuz Qazaxıstanda milli valyutanın - tenqenin devalvasiyası başlanıb. Avqustun 18-də Alma-Ata birjasında qazax valyutası birdən-birə 4,4% ucuzlaşıb. Nəticədə 1 ABŞ dollarının məzənnəsi 188 tenqedən 197 tenqeyə yüksəlib. Bu son il yarımda Qazaxıstan valyutasının məzənnəsində ən kəskin dəyişiklikdir. Tenqenin ucuzlaşmasının əsas səbəbi neftin qiymətinin enməsi, Qazaxıstanın əsas ticarət tərəfdaşlarından biri olan Çin valyutasının ucuzlaşması və qazax mallarının rəqabət qabiliyyətinin aşağı düşməsidir. Qazaxıstanda başa düşüblər ki, bu vəziyətdə tenqeni istəsələr də xilas edə bilməyəcəklər. Çünki səbəblərin əksəriyyəti xarici amillərlə bağlıdır və hökumət onları dəyişə bilmir: «Qazaxıstanda başa düşürlər ki, qatarın qarşısında dayanmaq olmaz»-deyə Nomura Holdings şirkətinin nümayəndəsi Timoti Gş qonşu ölkədəki vəziyyəti «Bloomberg»ə şərh edib, «Xüsusilə də nəzərə alsaq ki, yaxın vaxtlarda neftin qiymətində müsbət dəyişiklik gözlənilmir». Bunun nəticəsidir ki, bu gündən, avqustun 20-dən etibarən Qazaxıstan pul vahidində istifadə edilən əməliyyat dəhlizi artırılacaq. Baş nazir Karim Massimov, Astanada hökumətin iclasında ölkənin Cümə axşamı günü sərbəst dalğalanan (üzən məzənnə rejimi) valyuta kursuna keçdiyini söyləyib. «Tengenin mübadilə məzənnəsinin dəyişməsi dünya iqtisadiyyatında baş verən proseslərdən asılı olacaq", - deyə baş nazir vurğulayıb. Yəni tenqenin hələ bundan sonra da uculaşacağı qaçılmazdır. Bu qərardan sonra Qazax tenqesinin Azərbaycan manatına nəzərən məzənnəsi son yarım ildə ən aşağı həddə düşüb – 1 tenqe 0,53 qəpikdir.

Rusiya da rublu xilas etmək niyətində deyil

Ənənəvi olaraq MDB məkanında baş verən bütün proseslərin səbəbkarı Rusiya sayılır. Nəhəng şimal qonşumuz siyasətdə olduğu kimi, iqtisadi sahədə də qonşu ölkələrin həyatına ciddi təsir edir, ölkələr arasında müxtəlif səviyyələrdə çoxsaylı iqtisadi bağlantıların olması onunla nəticələnir ki, Rusiyada baş verən hadisələr öz nəticələrini regionun bütün ölkələrində, o cümlədən Azərbaycanda göstərir. Bu ilin əvvəlində məhz Rusiyada rublun sürətlə ucuzlaşmasından sonra Azərbaycandan qonşu ölkəyə valyuta axını başlamışdı və AMB bunun qarşısını almaq üçün manatı uculaşdırmalı olmuşdu. Oxşar proseslər indi də başlayıb. Son günlər dünya bazarında neftin ucuzlaşması nəticəsində rus rublu avro və dollar qarşısında dəyərdən düşür. Son məlumatlara görə, artıq 1 dollar 66 rubla, 1 avro isə 74 rubla dəyişdirilir. Bu, ilin əvvəlindən bəri rublun ən aşağı məzənnəsidir. Ən maraqlısı da odur ki, Rusiya hökuməti rublu xilas etməyə tələsmir. Prezident Vladimir Putinin köməkçisi, keçmiş iqtisadiyat naziri Aleksey Belousov bildirib ki, ölkənin rublun məzənnəsin qorumaq üçün lazımi qədər valyuta etiyatı yoxdur. Belə ki indi mövcud olan 358 milyard dollar qızıl-valyuta ehtiyatının yalnız 300 milyard dolları valyutadır. Onun da 120 milyon dolları toxunulmaz sayılan ehtiyat fondlarına aiddir. Qalan vəsait isə ölkənin ehtiyaclarını cəmi 9 ay ödəyə bilər. Ona görə də hökumət rublu qorumaq niyyətindən əl çəkib – rubl da qazax tenqesi kimi «sərbəst üzmə»yə buraxılıb. Nəticədə, rubl Azərbaycanda da ucuzlaşıb. Bu günə olan məzənnəyə görə, 1 rubl 1,57 qəpiyə düşüb.

Gürcüstan larisi də «əriyir»

Ətraf ölkələrdə baş verən proseslər Gürcüstana da təsir edir. Ona görə də Gürcüstan neft ölkəsi olmasa da, nefin ucuzlaşmasının bütün nəticələrini hiss edir. Belə ki, avqustun əvvəlindən başlayaraq Gürcüstanın mili valyutası – lari ABŞ dolları qarşısında ucuzlaşmağa başlayıb. Ötən ilin noyabrında lari 28% ucuzlaşandan sonra indiyədək sabitliyini saxlayırdı. Bu dövrdə 1 dollar 2,24-2,26 lari arasında dəyişirdi. Avqustun əvvəlindən isə lari ucuzlaşaraq 2,32 lariyə çatıb. Hərçənd Rusiya və Qazaxıstandan fərqli olaraq Gürcüstan hökuməti bu vəziyyətlə barışmaq niyyətində deyil. Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib ki, larinin ucuzlaşması əsassızdır və əhaoinin «yalan gözləntiləri» ilə əlaqədardır. Belə ki, əhali arasında gəzən məlumatlara görəsentyapbrda lari dollar qarşısında kəskin ucuzlaşacaq: «Hamıya bildirmək istəyirəm ki, belə bəyanatlara inanmasınlar. Mərkəzi Bank da, Maliyə Nazirliyidə məni əmin edib ki, çətinlik dövrü arxada qalıb. İndiyədək nə olubsa, artıq olub, ekspertlər bildirir ki, ciddi bir hadisə baş verməyəcək»-deyə baş nazir əhalini sakitləşdirməyə çalışıb. Qeyd edək ki, məhz elə məlumatlara görə, əhali və investorlar əllərində olan dolları lariyə dəyişmirlər və bu da bazarda dollar qıtlığı yaradır. Nəticədə gürcü larisinin manat qarşısında məzənnəsi ən aşağı həddə düşüb – 1 lari 45 qəpik.

Türkiyə üçün sərfəli ucuzlaşma

Son günlər Türkiyənin milli valyutası - lirənin məzənnəsi də sürətlə aşağı düşməkdədir. Fins.az xəbər verir ki, Türkiyə Mərkəzi Bankının (TMB) məlumatına görə, avqustun 19-da ölkə ərazisində bir ABŞ dolları 2,9 Türkiyə lirəsinə dəyişdirilib. Qara bazarda isə bir dollar 2,95 lirə olub. Son bir həftədə dolların məzənnəsi təxminən 0,2 lirə (20 kruş) yüksəlib. TMB-dən bildirilir ki, Türkiyə lirəsinin məzənnəsindəki dəyişiklik beynəlxalq valyuta birjalarındakı qeyri-sabit vəziyyətlə bağlıdır. Xatırladaq ki, cari ilin yanvarında bir ABŞ dollarının məzənnəsi təxminən 2,35 lirə olub. Bu səhər isə Türkiyədə ABŞ dollarının məzənnəsi 3 lirəlik psixoloji həddi keçib. Türkiyə mətbuatının məlumatına görə, bu gün səhər saatlarında Türkiyənin milli valyutası tarixi minimumu yeniləyib. Belə ki, 1 ABŞ dolları 3,0020 lirə səviyyəsinə yüksəlib. Sonradan 1 ABŞ dollarının məzənnəsi bir qədər enərək 2,96 lirəyə bərabər olub. Azərbaycanda isə 1 türk lirəsi 36 qəpikdən 35 qəpiyə enib. Hələlik Türkiyə hökuməti bu prosesə münasibətini açıqlamayıb, lirənin ucuzlaşmasının nə qədər və hansı həddədək davam edəcəyi bilinmir. Bununla yanaşı, güman etmək olar ki, lirənin ucuzlaşması hökuməti o qədər də narahat etməyəcək. İnkişaf etmiş qeyri-neft sektoruna malik Türkiyə üçün lirənin ucuzlaşması nəinki çətinlik yaratmır, əksinə, Türkiyə mallarının rəqabət qabiliyyətini və satışlarını artırır. Təsadüfi deyil ki, türk iş adamları lirənin istənilən ucuzlaşmasını həmişə sevinclə qarşılayırlar. Üstəlik, lirənin ucuzlaşması Türkiyənin daşınmaz əmlak bazarına investisiyaları da artıracaq.