BANK

31 Avqust
3

«AZAL»la uçanlar üçün yeni güzəştlər – QAYDALAR DƏYİŞİR

«AZAL» hava yolları şirkəti "AZAL Miles" bonus proqramına yeniliklər tətbiq edib. Fins.az-ın məlumatına görə, yeniliklər avqustun 1-dən başlanılıb, bonus proqramının tam keçidinin 2015-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır. Şirkətdən verilən məlumata görə, "AZAL Miles"-ın qaydaları indii müştərilərə daha faydalı və maraqlı proqram təqdim edəcək.

Yeni təqdim edilən “Millər” “Səyahət Balları” (Travel Points) ilə əvəz edilib. “Səyahət Balları” aviaşirkətin reysləri ilə uçuşlara və “Bank Silk Way” və “AZAL Miles” müştərək ko-brend kartları vasitəsilə alış-veriş/xidmət ödənişlərinə görə hesablanır. “Səyahət Balları” AZAL reyslərində aviabiletlər üzrə əsas tarifin ödənişi və xidmət sinfinin artırılması üçün istifadə oluna bilər.

Yeni bonus proqramının hazırlanması zamanı British Airways və Caribbean Airlines aviaşirkətlərinin təcrübəsindən istifadə edilib. Öz proqramını işləyib hazırlayan Britaniyanın Loyalty Consulting UK konsaltinq şirkətidir.

“AZAL Miles” bonus proqramının mövcud iştirakçıları üçün balansda olan hər bir “Mil” bir “Səyahət Balı” ilə əvəz ediləcək. Müştərilərdən tələb olunan sadəcə qeydiyyat elektron poçt ünvanını təsdiq etməkdir. Yeni bonus proqramının işə salınması haqqında bildiriş müştərinin qeydiyyat elektron poçt ünvanına göndəriləcək.

"Azal Miles" proqramının iştirakçılarının iştirakçı güzəştlərindən yararlanmasını asanlaşdırmaq və onlara proqramda öz profilini idarə etmə imkanı verən yeni "Azal Miles" mobil proqramı təqdim edilib.

Silk Way Bank-ın “Miles” kartları üzrə dəyişikliklər

Dəyişikliklər “AZAL Miles” partnyor proqramının yenilikləri ilə əlaqədardır. 2015-ci ilin sentyabrın 1-dən Bank Silk Way-ın “Miles” kartları üzrə ballar aşağıdakı şəkildə hesablanacaq.

Ölkəxarici əməliyyatlara görə balların (Travel Points) hesablanması şərtləri:

- “Visa Classic Miles” kartı ilə ödəniş zamanı hər 5 AZN üçün 1 Travel Point; • “Visa / MC Gold Miles” kartı ilə ödəniş zamanı hər 4,50 AZN üçün 1 Travel Point; • “Visa Platinum Miles” kartı ilə ödəniş zamanı hər 4 AZN üçün 1 Travel Point.

Ölkədaxili əməliyyatlara görə balların (Travel Points) hesablanması şərtləri:

- “Visa Classic Miles” kartı ilə ödəniş zamanı hər 10 AZN üçün 1 Travel Point;

- “Visa / MC Gold Miles” kartı ilə ödəniş zamanı hər 9 AZN üçün 1 Travel Point

- “Visa Platinum Miles” kartı ilə ödəniş zamanı hər 8 AZN üçün 1 Travel Point.

Bank Silk Way-ın "Miles" kartı bank kartının üstünlüklərini və "Azal Miles" proqramının iştirakçısının imtiyazlarını özündə birləşdirən müştərək ödəmə kartıdır. Gündəlik alış-veriş və xidmətlərin haqqını "Miles" kartı vasitəsilə ödəniş edərək, kartın sahibi öz hesabına ballar toplayır.

Bank kartından mümkün qədər tez-tez istifadə etmək və istənilən alış-veriş üçün mağazalarda əlavə komissiya olmadan ödəniş etmək lazımdır. Hər alış-verişə görə avtomatik ballar hesablanacaq. Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı hesablanır.

Dəyişikliklər barədə daha ətraflı məlumatı bankın internet səhifələrində www.banksilkway.az / www.miles.swbank.az, bankın rəsmi Facebook səhifəsində, yaxud (012) 931 nömrəli telefona zəng edərək əldə etmək olar.