DÜNYA

22 Noyabr
257

Donald Tramp nəhayət vergi deklarasiyasını dərc edəcəyini bildirib

Ağ evin rəhbəri Donald Tramp 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər vergi deklarasiyasını dərc edə bilər. ABŞ prezidenti bu barədə özünün "Twitter" səhifəsində yazıb: "Sabiq baş prokuror Robert Müller Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsi barədə təhqiqata iki il və 45 milyon dollar sərf edərək mənim maliyyəmə və vergilərimə çatdı, lakin heç bir şey tapmadı. İndi isə Nyu-Yorkun demokrat prokurorları bütün maliyyə əməliyyatlarımı nəzərdən keçirərək ifritə ovunu davam etdirirlər. İndiyə qədər heç bir prezidentin başına belə bir şey gəlməyib, bu qanunsuzdur", - deyə Donald Tramp yazıb.

"Mən təmizəm. Seçkilərə qədər maliyyə hesabatımı dərc etdiyim vaxt, bu yalnız bir şeyi – insanların düşündüyündən də varlı olduğumu göstərəcək", - deyə ABŞ prezidenti əlavə edib.

Donald Trampın siyasi rəqibləri hələ 2016-cı ildə seçkiöncəsi kampaniya zamanı vergi deklarasiyasını tələb etsələr də, o, müxtəlif bəhanələrlə bundan yayınırdı. ABŞ prezidenti aprel ayında nizamlayıcı orqanların ona məxsus kampaniyaları əvvəlki kimi yoxladığını bildirib. Onun sözlərinə görə, bu səbəbdən vergi ödəmələri barədə məlumatı dərc etmək məqsədəuyğun deyil.