02 Dekabr

Azərbaycan yanvar-sentyabr aylarında Türkiyəyə qaz ixracını 31,7% artırıb

Azərbaycan 2019-cu ilin yanvar-sentyabr aylarında Türkiyəyə "Şahdəniz" yatağından hasil edilmiş 6 mlrd. 863,25 mln. kubmetr qaz ixrac edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 31,7% çoxdur. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında deyilir.

Sentyabr ayında Türkiyəyə qaz ixracının ümumi həcminin 26,94%-i (818,6 mln. kubmetr) Azərbaycan qazının payına düşüb. Ötən ilin avqust ayı ilə müqayisədə tədarükün həcmi 9,26% artıb.

Sentyabr ayında Türkiyəyə 3 mlrd. 38,46 mln. kubmetr (2018-ci ilin sentyabr ayı ilə müqayisədə azalma 7,41%) qaz ixrac edilib. 2 mlrd. 468,74 mln. kubmetr boru kəməri qazının (tədarükün 81,2%-i), 569,73 mln. kubmetr (18,8%) isə LNG-nin payına düşüb. Hesabat dövründə Azərbaycanla yanaşı, İran və Rusiyadan da boru kəməri ilə qaz nəqli həyata keçirilib.

2018-ci ildə Azərbaycan Türkiyəyə 7 mlrd. 521,15 mln. kubmetr qaz ixrac edib.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir